Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi
Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi — 1997-ci il 16 may tarixində yaradılan və Azərbaycan Respublikasında dövlət vəsaitləri hesabına malların (işlərin və xidmətlərin) satın alınması sahəsində dövlət siyasətini həyata keçirən keçmiş mərkəzi icra hakimiyyəti orqanı. Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2016-cı il tarixli Fərmanı ilə ləğv edilərək vəzifə və funksiyaları, habelə istifadəsində olan dövlət əmlakı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə verilmişdir.
Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 16 may tarixli, 583 nömrəli Fərmanına əsasən dövlət vəsaitləri hesabına malların (işlərin və xidmətlərin) satın alınması sahəsində dövlət siyasətini həyata keçirmək məqsədi ilə yaradılmış və onun vəzifələri "Dövlət satınalmaları haqqında" Qanunun 4-cü maddəsinin tələblərinə uyğun Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2003-cü il tarixli, 855 saylı Fərmanı ilə təsdiq olunmuş Əsasnamə ilə müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasında dövlət satınalmalarını tənzimləyən ilk nomativ sənəd, "Büdcə təşkilatları tərəfindən malların (işlərin və xidmətlərin) satınalınması haqqında» Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1996-cı il tarixli, 524 nömrəli Fərmanı ilə təsdiq edilmiş, bir qədər sonra "Tender haqqında" Azərbaycan Respublikasının Qanunu 11 fevral 1997-ci ildə qəbul olunmuş və "Tender haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı 7 aprel 1997-ci ildə imzalanmışdır. Göstərilən sənədlərin tətbiq olunduğu müddət ərzində Satınalmalar üzrə Dövlət Agentliyi, bu sahədə əldə olunmuş təcrübəni öyrənərək, Avropa birliyinin bir sıra ölkələrinin dövlət satınalmalarına dair mövcud sənədlərini, Dünya Bankının tövsiyələrini, Ümumdünya Ticarət Təşkilatının dövlət satınalmaları üzrə sazişlərinin müddəalarının tələblərini nəzərə almaqla yeni, "Dövlət satınalmaları haqqında" Qanun layihəsini işləyib hazırlamış, həmin Qanun layihəsi Milli Məclis tərəfindən 27 dekabr 2001-ci il tarixdə qəbul olunmuşdur.
dövlət vəsaitləri hesabına malların (işlərin və xidmətlərin) satın alınması sahəsində dövlət siyasətini həyata keçirmək;
Azərbaycan Respublikasında dövlət satınalmalarını tənzimləyən normativ hüquqi bazanın yaradılmasında və təkmilləşdirilməsində iştirak etmək, dövlət satınalmalarına dair qaydaları, təlimatları, digər sənədləri hazırlamaq və təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək;
dövlət vəsaiti hesabına malların (işlərin və xidmətlərin) müsabiqə əsasında satın alınmasının qanuniliyinə və müqavilələrin icrasına nəzarət etmək, mübahisəli məsələləri araşdırmaq, qanunvericiliyin pozulması hallarını aşkar etdikdə, satınalma prosedurlarını qanunla müəyyən edilmiş müddətə dayandırmaq və lazım gəldikdə satınalan təşkilat qarşısında tenderin nəticələrinin ləğv edilməsi barədə məsələ qaldırmaq;
dövlət satınalmaları sahəsində kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;[2]
dövlət satınalmalarına dair hesabatların tərtibi qaydalarını müəyyənləşdirmək, dövlət satınalmalarını tənzimləyən normativ hüquqi aktların, sənədlərin və məlumatların ictimaiyyətə çatdırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;[3]
dövlət satınalmaları üzrə illik hesabatları hazırlamaq və Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək;
dövlət satınalmaları sahəsində məlumat bazasını yaratmaq;
dövlət satınalmaları sahəsində xarici ölkələrin müvafiq təşkilatları ilə qanunvericiliklə müəyyən edilmiş qaydada əməkdaşlıq etmək;
dövlət satınalma prosedurlarında mübahisəli məsələləri araşdırmaq, qanunvericiliyin tələbləri pozulduğu hallarda "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun tədbirlər görmək;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.